Bloq

İşəgötürənin imici necə qurulur?

Bugünkü rəqabətli əmək bazarında təkcə yaxşı maaş və bonuslar işçi cəlb etmək üçün kifayət deyil. Şirkətlərin uğuru artıq onların yaratdığı “işəgötürən imici” ilə də birbaşa bağlıdır. HR brendləşmə (HR branding) məhz bu imici formalaşdırır və gücləndirir.

Bəs işəgötürən imici necə qurulur? Gəlin bu prosesi addım-addım nəzərdən keçirək.

1. Şirkət daxilində doğru mədəniyyət formalaşdırmaq


İmici xaricdə qurmazdan əvvəl, ilk növbədə daxilə baxmaq lazımdır. Şirkət dəyərləri, idarəetmə üslubu, iş mühiti və əməkdaşlara yanaşma – bunlar HR brendin təməlini təşkil edir. Əməkdaşlar özlərini dəyərli və önəmli hiss edəndə, bu hiss təbii olaraq şirkətin xarici imicinə də əks olunur.

2. İşəgötürən təklifi çox önəmlidir


EVP (Employer Value Proposition) – işçilərə nə vəd etdiyinizi və bunun qarşılığında nələri gözlədiyinizi ifadə edən konsepsiyadır. Güclü EVP, həm yeni namizədlərin diqqətini çəkməyə, həm də mövcud işçilərin bağlılığını artırmağa xidmət edir.
Yaxşı bir EVP aşağıdakı suallara cavab verir:
  • Bizdə işləmək niyə cəlbedicidir? (Bizi fərqləndirən amillər)
  • Hansı dəyərlərə üstünlük veririk? (Dəyərlərimiz)
  • İşçilərə hansı imkanları təqdim edirik? (Təkliflərimiz)

3. Şəffaf kommunikasiya qurmaq


İnsanlar real hekayələri sevir. Şirkət həyatını, işçilərin uğur hekayələrini və gündəlik mühiti açıq şəkildə paylaşmaq HR brendləşmənin ən təsirli yollarından biridir. Sosial media, korporativ sayt və karyera səhifələri bu məqsədlə aktiv istifadə edilməlidir.

Unutmayaq: namizədlər təkcə iş elanlarına deyil, sizin kim olduğunuzu göstərən hekayələrə maraq göstərir. Misal üçün son dövrlərdə şirkətlərin .life səhifələri artmışdır. Ona görə şirkətlər bucür proseslərə artıq çox dəyər verirlər.

4. Namizəd təcrübəsinə əhəmiyyət vermək


İlk təəssürat həlledicidir. İşə qəbul prosesində namizədlərə hörmətlə, şəffaflıqla və sürətli geribildirimlə yanaşmaq, HR brendinizi gücləndirən faktorlardandır. Hətta işə qəbul olunmayan namizədlər belə şirkətiniz haqqında müsbət fikirlər səsləndirə bilər – əgər onlara qarşı ədalətli və nəzakətli davranmısınızsa.

5. Daxili səfirlər yaratmaq


Əməkdaşlarınız sizin ən güclü HR brend səfirləriniz ola bilər. Məmnun işçilər könüllü olaraq şirkət haqqında müsbət təəssüratlar paylaşırlar. Bunun üçün onların səsini eşitmək, təşəkkür mədəniyyəti yaratmaq və onların inkişafına dəstək olmaq çox önəmlidir.

6. Sosial məsuliyyət və dəyərlərə sadiqlik


Müasir dövrdə namizədlər sadəcə maaş deyil, şirkətin dəyərlərinə və sosial məsuliyyət yanaşmasına da diqqət edirlər. Sosial layihələrdə iştirak, ekoloji təşəbbüslər və cəmiyyətə töhfələr şirkət imicini daha da cazibədar edir.

Nəticə


HR brendləşmə tək bir kampaniya ilə qurulmur. Bu, şirkət mədəniyyəti, dəyərlər və gündəlik əməliyyatların birgə harmoniyasının nəticəsidir. Güclü bir işəgötürən imici qurmaq, yalnız istedadlı namizədləri cəlb etməyə deyil, həm də onları uzun müddət saxlamağa kömək edir.

Unutmayın: Ən yaxşı işçilər ən yaxşı işəgötürənləri seçirlər. Siz onların siyahısında olmaq istəyirsinizsə, bu gün HR brendiniz üzərində işləməyə başlayın!
Menyu